AB-dən Serbiyaya xəbərdarlıq

Belçikada Avropa parlamenti

Hərbi cinayətlərdə təqsirli bilinmiş generalın hərbi akademiyaya mühazirəçi təyin olunması Avropa Birliyinin (AB) prinsiplərinə ziddir. Bu xəbərdarlığı AB Serbiyaya edib.

Təqaüddə olan general Vladimir Lazarevic BMT müharibə cinayətləri tribunalı tərəfindən 14 illik həbsə məhkum edilib. O, 1998-99-cu illərdə Kosovoda müharibə zamanı serb əsgərlərinin törətdiyi vəhşiliklərdə təqsirli bilinib.

Lazarevic 2015-ci ildə, cəzasının üçdə ikisini çəkəndən sonra buraxılıb.

AB-nin sözçüsü Maja Koncijancic oktyabrın 30-da yaydığı bəyanatda deyib ki, “siyasi liderlərin keçmiş münaqişə qurbanlarının xatirəsinə sayqıyla yanaşacağını, Qərbi Balkanlarda barışığı təbliğ edəcəyini gözləyirik”.

Serbiya rəsmən AB üzvlüyünə çalışsa da, bəzi aparıcı siyasətçiləri və nazirləri 1990-cı illərin millətçi siyasətinə qayıtmağı təbliğ edir.

Lazarevic Kosovodakı serb əsgərlərinin komandiri olub. Belqradın etnik alban separatçılara qarşı əməliyyatları zamanı 10 mindən çox insan həlak olub.

1999-cu ildə NATO-nun 78 gün ərzində endirdiyi bombardman qan tökülməsini dayandıra bilib.

Kosovo 2008-ci ildə müstəqillik elan etsə də, Serbiya onu tanımır.

Lazarevic ötən həftə akademiyada ilk mühazirəsini oxuyub.