Robert Sekuta: 'BTQ mühüm addımdır'

Robert Sekuta

«Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır».

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün, oktyabrın 30-u jurnalistlərə açıqlamasında bildirib. Səfir deyib ki, BTQ dəmir yolu İpək Yolundan ötrü böyük əhəmiyyətə malikdir:

«Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır».

Avropa Birliyinin Bakıdakı nümayəndəliyindən də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılışı ilə bağlı oxşar açıqlama verilib.

XATIRLATMA

Bu gün, oktyabrın 30-u Azərbaycan paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilir.

BTQ dəmir yolu xətti layihəsini 2007-ci il fevralın 7-də Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixeil Saakaşvili və Türkiyənin ozamankı baş naziri Rəcəb Tayyib Ərdoğan imzalayıb. Həmin il noyabrın 21-də BTQ-nin təməli qoyulub.

Bu dəmir yolunun açılışı dəfələrlə ertələnmişdi. Azərbaycan Dövlət Neft Fondunun (ADNF) məlumatına görə, həmin layihəyə 2016-cı il oktyabrın 1-nə 619.8 milyon ABŞ dolları ayrılıb. Azərbaycan hökuməti bu layihənin gerçəkləşməsində çox maraqlıdır. Bu layihə Ermənistandan yan keçir. ADNF-nin builki büdcəsində layihəyə əlavə olaraq 165 milyon 825 min manat ayrılıb.

Üstəlik, Azərbaycanın bu layihə ilə bağlı Gürcüstana da güzəştli kredit verdiyi bildirilir.