Keçmiş müstəntiqin işgəncə şikayəti rədd edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Rüfət Səfərov: "Məni özgür fikrimdən uzaqlaşdırmaq üçün..."

9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan keçmiş müstəntiq Rüfət Səfərovun işgəncəyə məruz qalması iddiası ilə bağlı şikayəti təmin olunmayıb. Bu haqda R.Səfərovun atası Eldar Sabiroğlu məlumat verib:

«R.Səfərovun 9 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalması ilə bağlı şikayətinin araşdırılması üçün vəkil Bəhruz Bayramov Xəzər Rayon Prokurorluğuna müraciət etmişdi. Prokurorluqda araşdırma aparılıb və cinayət işinin başlanması tələbinin rədd olunması qərarı qəbul edilib».

Bir müddət öncə R.Səfərov bildirirdi ki, 9 saylı Cəzaçəkmə Müəssisəsində ona ağır işgəncələr verilib. Üstəlik, keçmiş müstəntiq söyülüb təhqir olunduğunu da açıqlamışdı.

Ancaq bu açıqlamaya münasibətdə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov demişdi ki, Azərbaycandakı cəzaçəkmə müəssisələrində heç kimə işgəncə verilmir.

Keçmiş müstəntiqin atası E.Sabiroğlu 9 saylı Cəzaçəkmə Müəssisəsindən verilən və qərarda materiala əlavə edilən bir sənədə də diqqət çəkir:

«Bu sənədi verənlər R.Səfərovu müəssisənin normal iş fəaliyyətini pozmağa, əməkdaşları şantaj etməyə, dövlətçiliyə qarşı çıxmağa, özünə və ətrafdakılara xəsarət yetirməyə meylli şəxs kimi təqdim edirlər».

E.Sabiroğlu bu sənəddən irəli gələrək, R.Səfərovun həyatına təhlükə olduğunu düşünür:

«Deməli, günün birində Rüfət Səfərovun başına istənilən əməli gətirə bilərlər. Rüfət nə dəli, nə də psixi xəstədir. Xarakteristikadan yalnız bu nəticəyə gəlmək olur ki, onu qarşıda ən ciddi təhlükələr gözləyir».

Atasının bu açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemini tənqid edərək, istefa verdiyini bildirmişdi. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi idi.

Bundan az sonra R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərovu 9 il azadlıqdan məhrum edib. O, ittihamlarla razılaşmır, bunu sistemi sərt tənqid etməsi ilə izah edir.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur.