K.Əliyev: 'Korrupsiya ilə mübarizədə siyasi iradə var'

Kamran Əliyev

Oktyabrın 25-i Bakıda «Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası, prokurorların müstəqilliyi» mövzusunda 8-ci görüş başlayıb.

Tədbir Azərbaycan Prokurorluğunun, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşəbbüsü ilə keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, tədbirdə Şərqi Avropa və Mərkəzi Asiya regionunda 20-dən artıq ölkənin korrupsiyaya ilə mübarizə üzrə ixtisaslaşmış qurumlarının rəhbərləri və Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edir.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev tədbirdə çıxış edib. K.Əliyev deyib ki, Azərbaycanda korrupsiya ilə mübarizədə prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi var. Onun deməsinə görə, ölkədə cəza və maarifləndirmə tədbirlərinin kompleks tətbiqi ilə xarakterizə olunan genişmiqyaslı islahatlar həyata keçirilib.

Oktyabrın 27-dək davam edəcək görüşdə korrupsiya ilə mübarizənin müxtəlif aspektlərinə toxunulacağı gözlənir.

Hazırda Azərbaycanda korrupsiya mövzusu ən çox müzakirə edilən məsələlərdəndir. Müxalifət isə əksinə, hesab edir ki, ölkədə korrupsiya ilə mübarizədə siyasi iradə yoxdur. Sadəcə onların fikrincə, indi ölkədə bu prosesin imitasiyası aparılır.