Əfqanıstanda sülh danışıqlarına 'Pakistanın hərəkəti' lazımdır

Mike Pompeo

Birləşmiş Ştatlar «Taliban»ı Əfqanıstanda sülh danışıqlarına cəlb etmək istəyir, amma bundan ötrü Pakistan yaraqlıların onun sərhədlərinə sığınmamasına zəmanət verməlidir. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Mike Pompeo deyib.

Oktyabrın 19-da Demokratiyaların Müdafiəsi Fondunda çıxış edən Pompeo deyib ki, sülh danışıqlarının irəli getməsi üçün «Taliban»ın Əfqanıstanda qələbə çalmağa ümidi qalmamalıdır. Ancaq onun sözlərinə görə, yaraqlılar Pakistanda sığınacaq qura bildikləri müddətdə bu, mümkün olmayacaq.

«Birləşmiş Ştatlar «Taliban»ı Əfqanıstanda danışıqlar masasına gətirmək üçün bacardığını edir, bunun üçün «Taliban»ın cəbhədə qələbə çalmasına heç bir ümidi olmamalıdır», - o deyib.

ABŞ rəsmiləri uzun müddət Pakistanı öz ərazisində əfqan «Taliban»ına və ona müttəfiq «Haqqani» ekstremist şəbəkəsinə göz yummaqda suçlayıb.