Ramil Usubov Nils Mujnieks-ə LGBT haqda məktub yazıb

Ramil Usubov

“Cinsi azlıqların nümayəndələrinin Bakıda vətəndaşlara və əcnəbilərə qarşı zorakı cinayətləri ciddi narazılıqlar doğurmuşdu. Bütün bunlarla əlaqədar sentyabr ayının 15-dən 30-dək Bakıda bütövlükdə 600-ə yaxın şəxs barəsində məsuliyyət tədbirləri görülüb”.

Daxili işlər naziri Ramil Usubovun Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks-ə göndərdiyi məktubda belə yazır.

Nazir komissarın oktyabrın 9-da göndərdiyi məktuba cavab yazıb. Məktubun mətni Avropa Şurasının İnsan Haqları Komissarlığının saytında bu gün, oktyabrın 16-da yayılıb.

Buna da bax:​ DİN və baş prokurorluq: 'Pulla intim xidmətlər təklif edən şəxslər...'

Nazir qeyd edir ki, cinsi azlıqların yüzlərlə nümayəndəsindən yalnız ictimai qaydanı kobud surətdə pozan 83 nəfər saxlanıb, barələrində sənədləşmə aparılıb.

“56 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə 5 gündən 30 günədək inzibati həbs tətbiq olunub. 18 nəfər cərimələnib, 9 nəfərə xəbərdarlıq edilib”, – məktubda bildirilir.

Nazir, həmçinin, qeyd edib ki, həbs olunmuş şəxslərin hüquqlarını müdafiə edən vəkillərin müraciətlərinə əsasən, onlar, müayinədən ötrü aidiyyəti tibb müəssisələrinə göndərilib. Müayinələrin nəticələrinə görə 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, 16 nəfərdə "sifilis", 6 nəfərdə "AİDS", daha 10 nəfərdə də müxtəlif xəstəliklər aşkarlanıb.

Buna da bax:​ Azərbaycanda cinzi azlıqlara 'qəfil divan tutuldu'

Nazir yazıb ki, humanizm prinsipinə söykənərək, zöhrəvi xəstəlik aşkar edilməmiş 24 nəfər vaxtından əvvəl inzibati həbsdən azad edilib.

“Özlərinin cinsi oriyentasiyasını önə çəkməklə...”

«Saxlanan cinsi azlıqların nümayəndələrinin hüquqlarının pozulması məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, bu cür iddiaların heç bir əsası yoxdur. Həmin şəxslərin saxlanılmasında məqsəd - yalnız vətəndaş şikayətlərini doğuran halları müəyyənləşdirib qarşısını almaqdır. Habelə, məqsəd insanların hüquq və azadlıqlarını, onların sağlamlığını, ictimai təhlükəsizliyi qorumaq olub. Azərbaycanda bütün qrup insanların hüquqları heç bir məhdudiyyət olmadan təmin edilir. Cinsi azlıqlarla bağlı respublikamızda mövcud olan vəziyyət əksər Avropa dövlətlərindəki vəziyyətdən fərqlənmir», - məktubda bildirilir.

Buna da bax:​ Azərbaycanda onlarla homoseksualın saxlandığı bildirilir

Nazir daha sonra yazıb:

“Hansısa hüquqazidd əməli törətmiş cinsi azlığın nümayəndələri özlərinin cinsi oriyentasiyasını önə çəkməklə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Odur ki, cinsi azlıqların nümayəndələrinin hüquqazidd əməl törətməsi onları məsuliyyətdən azad edə bilməz”, - məktubun sonunda bildirilir.

Xatırlatma

Sentyabrın son iki həftəsində Azərbaycanda polis gey, biseksual, eləcə də transgender olduğu güman edilən onlarla şəxsə qarşı əməliyyat aparıb. Oktyabrın 2-də polis rəsmən 83 nəfərin saxlandığını təsdiqləyib. Hüquq-müdafiə təşkilatları saxlananların döyülmə, elektroşok, qorxudulma, şantaja məruz qaldığını bildirsə də, rəsmilər bunu təkzib edir.

Oktyabrın 9-da Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks daxili işlər naziri Ramil Usubova müraciət edərək, tutulan və saxlanılan LGBT fəalları haqda bilgi verilməsini, gərəkli araşdırma aparılmasını xahiş etmişdi.

Nazirin bu məktubuna, hələlik, saxlanan şəxslərin münasibətini almaq mümkün olmayıb.