Avropa Məhkəməsi hökuməti 90 min avro cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 22 Azərbaycan vətəndaşının şikayətini haqlı hesab edib.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Məhkəmə 22 şikayəti birləşdirərək eyni icraatda baxıb və bir qərar qəbul edib.

Arif İslamzadə və digərləri ilə bağlı iş məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır. Qərarda göstərilir ki, şikayətçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunun tanınmasından ötrü AİHM-ə üz tutub.

Şikayətçilər Arif Islamzadə, Almas Abdullayeva, Məzahir Bağırov, Namiq Hacıyev, İsa Rüstəmov, Rəna Qasımova, Söhbət Qayıbov, Akif Xəlilov, Əziz Ağasıbəyov, Elman Şahmuradov, Cümşüd İsmiyevNəcəfəli Babayevdir.

Bundan başqa, Təbriz Həsənov, Şahlar Quliyev, Tahir Məcidov, Daşdəmir Əliyev, Leyla Məmmədova, Xaləddin Məmmədov, Kamil Nəcəfov, Məhəmməd Abbasov, Səlbi Baxşəliyeva Ziyadxan Əhmədov da şikayətçilər arasında yer alır.

Onların müxtəlif vaxtlarda mülkiyyət hüquqlarının pozulduğu bildirilir. Məhkəmə qərarında həmin pozuntuların detalları barədə bilgi verilmir.

Yerli məhkəmələr həmin mülkiyyət mübahisələri barədə qərarlar verib, ancaq həmin qərarlar icra edilməyib. 22 vətəndaş elə buna görə 2010-14 cü il aralığında AİHM-ə üz tutub.

Şikayətçilər məhkəmədən onların Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması) və 1 Saylı Protokolunun 1-ci (Mülkiyyət hüququ) maddəsinin pozuntusunun tanınmasını və onlara dəymiş zərərə görə kompensasiya ödənilməsini istəyirlər.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətləri haqlı sayıb. Qərar 3 aydan sonra qüvvəyə minəcək.

Hökumət şikayətçilərə ümumilikdə 87 min 950 avro təzminat ödəməlidir. Qərara görə, hökumət bundan başqa, hüquqi məsrəflərindən ötrü də ümumilikdə 3 min avro ödəməlidir.

Şikayətçiləri Avropa İnsan Hüquqları Məhkəməsində Əliməmməd Nuriyev, Ruslan MustafazadəAkif Əliyev təmsil edib.