Çavuşoğlu və Tillerson arasında telefon danışığı olub

Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson Türkiyədə ABŞ diplomatik əməkdaşlarının saxlanmasından «dərin narahatlıq» keçirdiyini bildirib. Dövlət Departamenti oktyabrın 11-də bu haqda açıqlama yayıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon söhbətində Tillerson Türkiyə hökumətini həmin əməkdaşlara qarşı ittihamları sübut edəcək dəlil təqdim etməyə çağırıb.

İstanbuldakı ABŞ konsulluğunda çalışan iki türkiyəli əməkdaş saxlanandan sonra Birləşmiş Ştatlar Türkiyə vətəndaşları üçün viza xidmətlərinin çoxunu ləğv edib. Türkiyə də buna cavab olaraq Birləşmiş Ştatlarda viza xidmətlərini dayandırıb. Türkiyədəki əməkdaşlar casusluq ittihamıyla saxlanıb.

Türkiyə mediasının yazdığına görə, telefon söhbəti yarım saat çəkib. Bu, iki ölkə arasında diplomatik böhran yaranandan Tillerson-la Çavuşoğlu-nun ilk telefon söhbəti olub.

Oktyabrın 11-də Türkiyə liderləri daha barışdırıcı tonda bəyanatlar veriblər. Baş nazir Binali Yıldırım Ankarada deyib ki, ikitərəfli münasibətlərin tezliklə normal axına qayıdacağına ümid edir.