İxracatda lider neft, ikinci pomidordur

Pomidor

Azərbaycanın ixracatında neftdən sonra ikinci yerdə pomidor gəlir.

Bu haqda Dövlət Gömrük Komitəsinin statistik bilgilərində yazılır.

Ancaq ikinci sıradakı ixrac məhsulunun ümumi dəyəri cəmi 127.9 milyon dollar olub.

Sonrakı yerdə qızıl (60.7 mln. dollarlıq), daha sonra isə polietilen (54.4 mln. dollarlıq) gəlir.

2017-ci ilin 7 ayında Azərbaycandan ümumilikdə 855 mln. dollarlıq qeyri-neft məhsulları ixrac edilib. İxrac məhsullarının istehsalı ilə 1333 subyekt məşğul olub.

Gömrük Komitəsi bildirir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 7 ayında 8.3 dəfə çox pambıq lifi, 3.2 dəfə çox elektrik enerjisi, 60 faiz çox çay, 42 faiz çox meyvə-tərəvəz, 30 faiz çox kimya məhsulları ixrac edilib.

Azərbaycan malları alan ölkələrin beşliyinə Rusiya (311 mln. dollar), Türkiyə (178 mln.), Gürcüstan (78 mln.), İsveç (77 mln.) və Türkmənistan (38 mln.) daxildir. Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələrin beşliyinə də eyni ölkələr daxildir.

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ümumilikdə xarici ticarət dövriyyəsi 12 milyard 872.2 milyon ABŞ dolları olub. Bunda ixracın dəyəri 8 milyard 502.5 milyon dollar, idxalın dəyəri isə 4 milyard 369.7 milyon dollar təşkil edib.