E.Məmmədyarov: 'Ümid edirik ki, AB ilə danışıqlar hamar gedəcək'

Elmar Məmmədyarov

«Ukraynanın xarici işlər naziri ilə iki ölkənin əlaqələrinə dair geniş müzakirə apardıq və əlaqələrimiz strateji xarakter daşıyır».

Bunu bu gün, oktyabrın 3-ü Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ukraynalı həmkarı Pavlo Klimkin-lə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

APA-nın xəbərinə görə, E.Məmmədyarov iqtisadi sahədə əməkdaşlıq məsələlərindən də danışıb:

«Nəqliyyat sahəsində əlaqələri də müzakirə etdik və nəqliyyat sahəsində layihələr çox önəmlidir. Gələn il iki ölkə arasında hökumətlərarası komissiyanın iclası olacaq».

HƏMSƏDRLƏR OKTYABRIN 7-Sİ GƏLƏCƏK

ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşıdakı səfərinə toxunan E.Məmmədyarov deyib ki, onlar oktyabrın 6-da Yerevana, bir gün sonra isə Azərbaycana gələcəklər:

«Həmsədrlər regiona prezidentlərin görüşünü müzakirə etmək üçün gəlirlər. Vasitəçilər Nyu-Yorkda təklif etdilər ki, prezidentlərin görüşündən sonra məntiqli danışıqlar keçirək və məsələni yerindən tərpədək».

AVROPA BİRLİYİ İLƏ DANIŞIQLAR

O, Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq məsələlərinə də toxunub:

«Biz strateji tərəfdaşlıq layihəsinin ikinci fəslini müzakirə edirik. İlk dəfədir ki, tərəfdaş ölkə üzv ölkələrlə tərəfdaşlıq layihəsi təklif edib. Bu bir az çətin prosesdir, amma ümid edirik ki, proseslər hamar gedəcək».

Nazir hazırda danışıqların növbəti mərhələlərinin keçirildiyini söyləyib:

«Oktyabrda «açıq səma» sazişi üzrə görüş olacaq. Bu, bəlkə də sonuncu görüş oldu… Ümid edirəm ki, Avropa Komissiyası ilə də bu sənədi imzalayacağıq».

Bu günlər Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə demişdi ki, Avropa Birliyi ilə saziş bu il imzalanmaya bilər.

İQTİSADİ ƏLAQƏLƏR GÜCLƏNİB

Ukraynanın xarici işlər naziri Pavlo Klimkin isə deyib ki, iki ölkənin iqtisadi sahədə əməkdaşlığında kifayət qədər nəzərə çarpan nəticələr əldə edilib:

«9 ayda 2016-cı ildən daha yüksək nəticə əldə etmişik, artım 66 faizdir. Turizm sahəsində də qarşılıqlı artım müşahidə olunur. Nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, tranzit daşımalarda 5 dəfədən çox artım var».

O vurğulayıb ki, Ukrayna Azərbaycanın ərazi bütövlüyünü tanıyır.