Serbiya Rusiyadan MiG-29 qırıcılarını almağa başlayır

MiG-29

Rusiyanın nəhəng «Antonov-124» nəqliyyat təyyarəsi iki MiG-29 qırıcısını Serbiyaya çatdırıb. Ümumilikdə, Serbiya Rusiyadan altı belə təyyarə almağı planlaşdırır. Bunun Balkanlarda Şərq-Qərb gərginliyini artıracağı gözlənir.

Təyyarələrin hissələri oktyabrın 2-də Belqrad yaxınlığındakı Bataynitsada hərbi aeroporta çatıb. Moskva MiG-lərə görə pul almayıb, ancaq onların quraşdırılması, təmiri və yenilənmə xərclərinin ümumilikdə 235 milyon dollara başa gələcəyi gözlənir.

Qalan dörd qırıcı isə oktyabrın 20-dək çatdırılmalıdır. Həmin gün Belqradda Azadlıq Günü paradında qırıcıların nümayişi gözlənir. Paradda Rusiyanın müdafiə naziri Sergei Shoigu da iştirak etməlidir.

Martda Serbiyanın o vaxt baş naziri, indi isə prezidenti olan Aleksandar Vucic Rusiyanın MiG-29 qırıcılarını «hədiyyə» kimi verəcəyini təsdiqləyib. Onun sözlərinə görə, təyyarələr yenilənmə və pilot təlimindən sonra, bu ilin sonunadək hərbi xidmətə daxil ediləcək.