Birləşmiş Ştatlar Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) jurnalisti Mykola Semena-nın ötən həftə Rusiyanın işğal etdiyi Krımda məhkum edilməsini pisləyib.
Məhkəmə 66 yaşlı Semena-nı separatçılıq ittihamları üzrə təqsirli bilib, ona iki il yarımlıq şərti cəza kəsib, jurnalist fəaliyyətini də qadağan edib.
«Bu hökm cənab Semena-nın Rusiyanın Krımı işğal və ilhaq etməsini tənqid edən yazılarına əsasən çıxarılıb», – ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert sentyabrın 25-də deyib.
«Rusiyanın işğalçı hakimiyyətini hökmü ləğv etməyə, Semena-nın jurnalist fəaliyyətinin bərpasına icazə verməyə və Krımda narazıların boğulmasını dayandırmağa çağırırıq», – o söyləyib.
Nauert Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu, Birləşmiş Ştatların Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha dilə gətirib.
RFE/RL-in Krym.Realii (Krım Reallıqları) portalıyla əməkdaşlıq edən Semena 2016-cı il aprelin 19-da saxlanıb və ona «Rusiya Federasiyasının ərazi bütövlüyünə qarşı çıxmaq» ittihamı verilib.
Semena ittihamı siyasi motivli adlandırıb.