Yeni cəza növü gəlir

Milli Məclis

Azərbaycanda bir müddət əvvəl ləğv edilən cəza növünün yenidən bərpa ediləcəyi bildirilir.

APA-nın xəbərinə görə, bununla bağlı prezidentinin təqdimatı ilə parlamentə Cinayət Məcəlləsinə yeni 52-1 maddənin (azadlığın məhdudlaşdırılması) əlavə edilməsi təklif olunur.

Yeni maddədə cəza növünün mahiyyəti açıqlanır. Maddəyə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Belədə o, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməməlidir. Üstəlik, elektron nəzarət vasitəsi gəzdirməlidir.

Bundan başqa, həmin şəxs məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməlidir.

Habelə, cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməməlidir.

Həmin maddəyə görə, məhkəmə məhkumun üzərinə bəzi vəzifələr qoya bilər. Bura kütləvi tədbirlərə qatılmamaq, ehtiyac olarsa, alkoqoldan və narkomaniyadan müalicə olunmaq məsələləri daxildir.

Azadlığın məhdudlaşdırılması 6 aydan 5 ilədək hesablanacaq.

Ancaq məhkum məhkəmənin müəyyən etdiyi vəzifələri qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırarsa, cəzasının çəkilməmiş hissəsinə aid təqdimat əsasında azadlıqdan məhrum edilə bilər. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə ilə hesablanır.

Azadlığın məhdudlaşdırılması cəza növü kimi 2011-ci ildə ləğv edilib. Üstəlik, o vaxt bu, başqa formatda icra olunub.

Dəyişikliklər layihəsi yaxın günlərdə ictimai dinləmələrdən sonra Milli Məclisdə müzakirəyə çıxarıla bilər.