Rusiyadakı “Xristian dövləti-Müqəddəs Rusiya” təşkilatının liderinə qarşı rəsmi ittiham irəli sürülüb.
Bu barədə sentyabrın 23-də Rusiyanın “İnterfaks” və digər informasiya agentlikləri xəbər yayıb.
Aleksandr Kalinin “Matilda” filmini göstərməmək üçün kinoteatrlara təzyiq etməkdə ittiham olunur.
Polis bundan əvvəl Kalininin qardaşı da daxil olmaqla təşkilatın daha 3 üzvünü həbs edib.
Onlar filmin rejissoru Aleksei Uchitelin hüquqlarını müdafiə edən vəkilin ofisi ətrafında avtomobilləri yandırmaqda ittiham olunurlar.
Axtarış vaxtı Kalininin evində yandırıcı butulkalar və “Matilda naminə yanmaq” sözləri yazılmış vərəqələr aşakar edilib.
Yandırılmış avtomobillərin ətrafından da bu cür vərəqələr tapılıb.
Qeyd edək ki, Rusiyanın Cinema Park və Formula Kino kinoteatrlar şəbəkəsi çar II Nikolayın romantik gəncliyindən bəhs edən “Matilda” filminin nümayişıindən imtina edib.
Şəbəkə bunu film və onun rejissoru üzərinə çoxsaylı hücumların ardınca, tamaşaçıların həyatından narahatlığı ilə izah edib.
Tanınmış rejissor Aleksey Uçitelin bu filmində gələcək çarın hələ vəliəhd olduğu gənclıik illərində balet aktrisası Matilda Kşesinskaya ilə yaşadığı sevgi macərasından bəhs olunur.
Lakin bu film monarxistlərin və Rusiya pravoslav fəallarının qəzəbinə səbəb olub. Onlar deyirlər ki, film Rusiya Pravoslav Kilsəsi tərəfindən 2000-ci ildə ailəsi ilə birlikdə müqəddəsləşdirilmiş Nikolayın xatirəsinə təhqirdir.