Rusiya BMT-də islahatlarla bağlı ABŞ-ın bəyannaməsini şübhə altında qoyur

BMT təhlükəsizlik şurası,11 sentyabr, 2017

“Rusiya, BMT-də islahatlar aparılması ilə bağlı bəyannaməni çox güman ki, imzalamayacaq”.

İnterfaks agentliyinin sentyabrın 16-da yaydığı məlumata görə, bunu Rusyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Qeyd edək ki, bəyannaməni ABŞ hazırlayıb.

“İnanmıram ki, bu bəyannaməni imzalayaq. Ordakı ideyaların çoxu, əlbəttə çox vacib və baş katibin təkliflərinə uyğundur, amma BMT-də bayannamə ilə islahatlara nail olmaq mümkün deyil. Bu qurumda islahatlar hökumətlərarası danışıqlar yolu ilə mümkündür. BMT-də bəyannamə ilə dəyişiklik aparmaq və onun işini effektli etmək mümkün deyil”, Nebenzya jurnalistlərə deyib.

O qeyd edib ki, BMT-də islahatlar aparılması üçün bütün üzv ölkələrin razılığı gərəkdir.

ABŞ prezidenti Donald Trump sentyabrın 18-də Nyu-Yorkda dünya liderləri ilə BMT-də islahatlar aparılmasını müzakirə etmək fikrindədir.