Beynəlxalq Savadlılıq Günüdür

Kompüter

Bu il dünyada Beynəlxalq Savadlılıq Günü «Rəqəmsal dünyada savadlılıq» devizi altında qeyd olunur.

Sentyabrın 8-də UNESCO-nun Parisdəki qərargahında qlobal tədbir keçiriləcək. Məqsəd getdikcə daha çox rəqəmsallaşan cəmiyyətlərdə yaşamaqdan ötrü adamlara hansı bacarıqların gərəkdiyini öyrənmək, rəqəmsal dünyanın yaratdığı imkanlardan faydalanmaqdan ötrü səmərəli savadlılıq siyasəti və proqramlarını araşdırmaqdır.

Tədbirdə UNESCO Beynəlxalq Savadlılıq mükafatları da təqdim olunacaq. Məqsəd bu ilin mövzusuna bağlı təcrübələri mükafatlandırmaqdır.

Rəqəmsal texnologiyalar adamların hər yerdə yaşam, iş, öyrənmə və sosiallaşmasını kökündən dəyişir. Əhalinin həyatlarının bütün sahələrini yaxşılaşdırmağa yeni imkanlar verilir – informasiyaya çıxışda; biliyin idarə olunmasında; şəbəkələşmədə; sosial xidmətlərdə və sairədə.

Ancaq rəqəmsal texnologiyalara, onları idarə etməyə bilik, bacarıq və səriştəsi olmayanlar sonucda rəqəmsal cəmiyyətdən kənarda qalırlar. Savadlılıq gərəkən əsas bacarıqdır.

Savadlılığı yüksəltmək və bərabərsizliyi azaltmaq məqsədiylə builki Beynəlxalq Savadlılıq Günü rəqəmsal dünyanın bu problemlərinə işıq salacaq.

Dünyada azı 750 milyon yetkin yaşlının, 264 milyon məktəbdən kənar qalan uşağın əsas savadlılıq bacarıqlarından məhrum olduğu bildirilir.