Tallində 'Şərq Tərəfdaşlığı' məsələləri müzakirə ediləcək

Mahmud Məmmədquliyev

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Estoniyaya səfər edib. Onun Avropa Birliyi və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəyi bildirilir.

Bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Avropa Birliyi və «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü sentyabrın 8-də Tallində baş tutacaq. Toplantını Estoniyanın Avropa Birliyindəki nümayəndəliyi təşkil edir. Görüşdə noyabrın 24-də Brüsseldə keçiriləcək «Şərq Tərəfdaşlığı» sammitinə hazırlıq məsələləri müzakirə edilməlidir.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi (AB) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın 24-də Brüsseldə keçiriləcək «Şərq Tərəfdaşlığı» sammitində əməkdaşlıqla bağlı qərarların verilə biləcəyi gözlənilir.