Sentyabrın 7-də Podqoritsada iki rusiyalı kəşfiyyat əməliyyatçısı və daha 12 nəfərin məhkəməsi davam edəcək. Onlar Monteneqronun qərbyönlü hökumətini devirməyi planlaşdırmaqda ittiham olunurlar.
Sentyabrın 6-da məhkəmənin birinci günündə 100-dək etirazçı məhkəmə önünə toplaşıb.
Əsas təqsirləndirilənlərdən biri məhkəməyə təqsirli olmadığını deyib. Onun sözlərinə görə, «kriminal təşkilat»a qarşı ittihamnamə «nağıldır».
«Heç vaxt kriminal təşkilat üzvü olmamışam, heç vaxt olmaram da», – istefada olan serbiyalı polis generalı Bratislav Dikic deyib.
O, NATO-nun Balkanlarda oturuşmasına qarşı çıxırdı.
O və digərləri ötən ilin oktyabrında Monteneqronun NATO-ya qoşulmasını önləmək məqsədiylə parlamentə hücum planlaşdırmaqda ittiham olunur.
Prokurorlar iki rusiyalının isə Kreml üçün işləyən hərbi kəşfiyyat əməliyyatçıları olduğunu bildirir. Eduard Shishmakov və Vladimir Popov azadlıqdadır, qiyabi mühakimə olunurlar.