ABŞ-ın ordu komandiri avqustun 31-də bildirib ki, «İslam Dövləti» (İŞİD) qruplaşması lideri Abu Bakr al-Baghdadi-nin hələ də sağ olduğuna və İraqla Suriya arasındakı Fərat çayı vadisində gizləndiyinə inanır.
«Hər gün onu axtarırıq. Məncə, o ölməyib», – İŞİD əleyhinə koalisiyanın komandiri, general-leytenant Stephen Townsend jurnalistlərə deyib.
Onun sözlərinə görə, Baghdadi-nin dəqiq harada olduğunu bilmir, ancaq inanır ki, ekstremistlərin lideri digər yaraqlılarla birlikdə çay vadisi ərazisinə qaçıb və bu, İŞİD Mosul, Tall-Afar və Raqqanın bəzi yerlərinə nəzarəti itirəndən sonra baş verib.
Townsend deyib ki, onu tapan kimi öldürməyə çalışacaqlar.
«Onu tutmağa çalışmağa dəyməz», – o söyləyib.
İyunda Baghdadi-nin ölümü barədə məlumatlar yayılmışdı. O zaman Rusiya ordusu bildirirdi ki, qruplaşma liderinin Suriyada hava zərbəsində ölüb-ölmədiyini dəqiqləşdirir.