Prezidentdən Qurban bayramı təbriki

Arxiv fotosu

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə dövlət başçısı bildirilir ki, dünyanın müxtəlif guşələrində yaşayan bütün Azərbaycan vətəndaşlarını mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir.

“Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında, milli-mədəni inkişafında müstəsna rol oynayıb. Mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub”.

Buna da bax:​ Qurban Bayramı yarmarkaları olacaq

Prezident vurğulayıb ki, bu insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır.

“Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir. Allaha yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər. Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur”.

Prezident sonda əminliyini bildirir ki, builki Qurban bayramı da cəmiyyətdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcək.

Buna da bax: QMİ Qurban bayramı ilə bağlı fətva verib

İslam dininə görə, hər bir imkanlı şəxs qurban kimi bir heyvan kəsməlidir. Qurban kəsiləcək heyvanın ətinin bir hissəsinin imkansız ailələrə, yetimlərə paylanması vacib sayılır.

Bu il Qurban Bayramı sentyabrın 1-i və 2-nə düşür.