Atəşkəslə bağlı 28 avqust açıqlaması

Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 122 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Qaymaqlı, Fərəhli, Berd rayonundan da Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Kəngərli, Sarıcalı, Novruzlu və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar, Mehdili kəndləri yaxınlığında, Goranboy və Göygöl rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.