ABŞ Venesuelaya qarşı sanksiyaları kəskinləşdirdi

Nicolas Maduro

ABŞ prezidenti Donald Trump Venesuelaya qarşı sanksiyaların kəskinləşdirilməsi barədə fərman imzalayıb.

Bu barədə avqustun 25-də Reuters agentliyiməlumat yayıb.

Fərmanda ABŞ maliyyə institutlarının Venesuela hökuməti vəonun “Petroleos de Venezuela” dövlət neft şirkəti ilə iş birliyi qadağan edilir.

Ağ evin məlumatında bildirilir ki, prezident Nicolas Maduro diktaturası nəticəsində ölkə əhalisi ərzaqq və dəva-dərman qıtlığı ilə üzləşib, hakimiyyət demokratik müxalifəti təqib edir və ölkədə söz azadlığını boğur.

ABŞ Venesuela hakimiyyətini demokratik idarəçiliyi bərpa etməyə və azad seçkilər keçirməyə çağırır.

Bu ilin avqustunda Venesuelada “Konstitusiya assambleyası”na seçkilərdən sonra ölkədə vəziyyət daha da gərginləşib.

Bu yeni siyasi orqan ölkə konstitusiyasını dəyişmək üçün yaradılıb.

“Konstitusiya assambleyası” avqustun ortalarında müxalifətin çoxluq təşkil etdiyi parlamentin səlahiyyətlərini ləğv edib.

Əksər qərb ölkələri və beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən ölkədə etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində hərbçilər aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.