N.Ognianova: 'Azərbaycanın müstəqil mediası üçün bu yay çox çətin oldu'

Nina Ognianova

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Cənubi Qafqaz bölgəsinin koordinatoru Nina Ognianova «Amerikanın səsi»nə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin saxlanması ilə bağlı müsahibə verib:

«Təbii ki biz Mehman Əliyevin saxlanması ilə bağlı xəbərlərə görə çox narahatıq. Biz tamamilə əminik ki, bu, siyasi motivli cinayət təqibidir. Bizim bildiyimizə görə, o, informasiya agentliyinə qarşı işlə əlaqədar şahid qismində saxlanılıb. Lakin onun statusu bunun nəticəsi olaraq qısa zamanda şübhəli kateqoriyasına aid edilib. Bura Azərbaycandır. Burada siyasi motivli işlərdən tənqidi jurnalistlər, müstəqil mediaya qarşı istifadə edilir. Buna görə də ittihamlar jurnalistikaya aid olmasa da, bizdə heç bir şübhə yoxdur ki, Mehman Əliyev və onun «Turan» agentliyi Azərbaycanda müstəqil informasiya verdiyinə görə cəzalandırılır».

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Əliyev polis idarəsinə gətirilib

N.Ognianova Jurnalistləri Müdafiə Komitəsinin avqustun 16-da Vergilər Nazirliyinin əməkdaşlarının «Turan» agentliyinin ofisində yoxlama və götürülmə ilə bağlı açıqladığı bəyanatını şərh edib:

«Azərbaycanın müstəqil mediası üçün bu yay çox çətin oldu. Daha doğrusu, bu mediadan nə qalıbsa… Bu yay ayları jurnalistlərin saxlandığı, təzyiqlərə məruz qaldığı, həbs edildiyi bir sıra hallarla müşayiət oldu. İndiyə qədər görünməmiş hallardan birində jurnalist zorla Gürcüstandan Azərbaycana gətirilib. Belə hallar artır və bununla Azərbaycan Avrasiya regionunda mətbuat azadlığının ən çox senzuraya və repressiyalara məruz qoyulduğu ölkəyə çevrilir. Bunun əvəzinə biz hakimiyyəti yeni səhifə açmaq qərarı verərək, Azərbaycanın nəzəriyyədə də olsa, üz tutduğu beynəlxalq dəyərləri dəstəkləməyə səsləyirik».

XATIRLATMA

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev avqustun 24-ü Cinayət Məcəlləsinin 231.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli şəxs kimi saxlanıb.

Onun gecəni Yasamal Rayon Polis İdarəsində keçirdiyi bildirilir. M.Əliyevin yaxın saatlarda məhkəmə önünə çıxarılacağı gözlənir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti «Turan» İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehman Əliyev: Sənədlərdə problem yoxdur

Nazirlik, eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib.

«Turan» İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları «Turan» agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini və mühasibin kompüterini özləri ilə aparıblar.

«Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev baş verənləri «axtarış» adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.