Nazir: "Münasibətlərdə yalnız hədə-qorxu üsulları ilə danışmaq olmaz ”

Sigmar Gabriel

“Almaniya-Rusiya münasibətlərində yalnız hədə-qorxu üsullarından istifadə eləmək olmaz”.

Azadlıq Radiosu Rusiya xidmətinin rp-online.de saytına istinadla verdiyi məlumata görə,bunu Aımaniyanın xarici işlər naziri Sigmar Gabriel bəyan edib.

Nazir hesab edir ki, bu cür siyasət yalnız gərginliyi artıracaq.

Sigmar Gabriel nüvə silahı da daxil olmaqla silahlar üzərində nəzarəti gücləndirməyə çağırıb.

Nazir hesab edir ki, Rusiyanın 2014-cü ildə Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsi Moskvaya etibarı dağıdıb.

Amma Sigmar Gabriel, Moskva ilə Vaşinqtonun strateji hücum silahlarının ixtisarı ilə bağlı müqaviləni uzadmaları üçün bütün mümkün imkanlara əl atacağını vəd edib.

Bu müqavilənin müddəti 2021-ci ildə bitir.

Almaniya hələ bu ilin martında Rusiyaya yeni silah yarışının təhlükəli olduğunu xəbərdarlıq edib.

Kreml həmin vaxt Moskvanın özünün qərb sərhədlərində hərbi gücünü genişləndirməsi ilə bağlı ittihamı rədd eləmişdi.

Qeyd edək ki, ABŞ və digər qərb ölkələri Krımın ilhağı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.