Kosovo Serbiyanın planını rədd edib

Enver Hoxhaj

Avqustun 14-də Kosovonun xarici işlər naziri Enver Hoxhaj serbiyalı həmkarının təklif etdiyi kompromisi rədd edib. Tərəflər ərazi mübahisəsinə son qoymağa, Avropa Birliyinə qoşulmaq planlarını irəlilətməyə çalışırlar.

Serbiyanın xarici işlər naziri Ivica Dacic Kosovonun serb və alban anklavları arasında sərhədlərin yenidən çəkilməsini, Kosovo daxilində serb anklavına muxtariyyət verilməsini təklif edib. Dacic prezident Aleksandar Vucic-in müttəfiqidir.

Dacic avqustun 14-də gündəlik «Vecernje Novosti» qəzetində dərc olunmuş məqaləsində yazıb ki, Serbiya bunun əvəzində Kosovoya bütünlükdə iddiasından əl çəkər.

Ancaq Hoxhaj bu ideyanı rədd edib. Belə ki, sonucda ölkə ərazisinin 1/5-i muxtar serb regionuna çevriləcək və bu ərazi Priştinaya mənfi münasibətdə olacaq. Hoxhaj avqustun 14-də Twitter-də yazıb ki, ölkəsi «beynəlxalq miqyasda tanınmış sərhədləri olan multietnik demokratik ölkədir» və belə də qalacaq.

«Serbiyanın sərhədlərin dəyişdirilməsiylə bağlı ideyaları təhlükəli və qəbuledilməzdir», – Hoxhaj deyib.