Pakistanın 'Tereza ana'sı vəfat edib

Ruth Pfau

Pakistanda cüzam xəstəliyi ilə mübarizə aparan və Pakistanın «Tereza anası» kimi tanınan almaniyalı rahibə Ruth Pfau avqustun 10-da Kəraçidə 87 yaşında vəfat edib.

Ölkənin baş naziri və ordu rəhbəri R.Pfau-nun cüzamın kökünün kəsilməsinə göstərdiyi köməkdən danışıblar.

«Pfau, ola bilsin, Almaniyada doğulub, ancaq ürəyi həmişə Pakistanda olub», – baş nazir Shahid Khaqan Abbasi deyib.

O, dövlət səviyyəsində dəfn mərasiminin avqustun 19-da keçiriləcəyini bildirib.

1929-cu ildə anadan olmuş doktor Ruth Katharina Martha Pfau 1960-cı ildə Pakistana köçüb və orada «Marie Adelaide» Cüzam Mərkəzini yaradıb.

Bir neçə ilə klinikanın ölkə üzrə 150-dən çox filialı açılıb.

«Pakistan onun sayəsində cüzama qalib gəlib», – Almaniyanın Kəraçidəki konsulluğu Facebook-da yazıb.

Ümumdünya Səhiyyə Təşkilatı 1996-cı ildə elan edib ki, Pakistanda cüzam nəzarətdədir, ancaq Pfau onun kökünü tamamilə kəsmək istəyib.

Ötən il Pakistanda cüzamdan müalicə alan xəstələrin sayının 531-ə düşdüyü bildirilir. 1980-ci illərdə bu rəqəm 19 min 398 nəfər idi.