Balkan ölkələrindən Xorvatiyaya ultimatum

Meyvə

Avqustun 7-də dörd Balkan ölkəsi Xorvatiyanı hədələyib, meyvə və tərəvəzə idxal rüsumunu kəskin qaldırmaqla bağlı qərarını ləğv etməsə, cavab tədbirləri görüləcəyini bildirib.

Bosniya-Herseqovina, Makedoniya, Monteneqro və Serbiya Bosniyanın paytaxtı Sarayevoda hökumət rəsmilərinin görüşündən sonra Xorvatiyaya ultimatum veriblər.

Serbiyanın ticarət naziri Rasim Ljajic deyib ki, Xorvatiyanın qonşuları «tədbirlər və əks-tədbirlər mərhələsinə girmək istəmirlər», ancaq Xorvatiya həftəsonunadək əvvəlki rüsumları bərpa etməsə, buna «məcbur olacaqlar».

Balkan ölkələrinin fikrincə, bu vergilər onların Avropa Birliyi ilə üzvlükdən öncəki razılaşmaları pozur, həmin razılaşmalara görə, onların bazarlara çıxışı bərabərdir.

Serbiya, Bosniya, Makedoniya və Monteneqro Avropa Birliyinin üzvü deyillər, Xorvatiya isə bloka 2013-cü ildə qoşulub.

Xorvatiya rəsmilərinin sözlərinə görə, AB-nin üzvü olmayan 168 ölkəyə vergilər idxalın keyfiyyətini artırmaq məqsədiylə qoyulub və məqsəd heç də Balkan qonşularının iqtisadiyyatına ziyan vurmaq deyil. Bu ölkələr Xorvatiyaya meyvə-tərəvəzin əsas ixracatçılarıdır.