Bu ilin iyununda ölkədəki bankların müştərilərə verdiyi kreditlərin həcmi azalıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hesabatında bildirilir ki, iyul ayının 1-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği 13 mlrd. 462.1 mln. manat təşkil edib. Bu da may ayı ilə müqayisədə 916.5 mln. manat və ya 6.37 faiz azalma deməkdir.
İlin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 2 mlrd. 476.2 mln. manat və ya 15.54 faiz azalıb.
DEPOZİTLƏR YÜKSƏLİB
Bu ilin iyul ayının 1-nə banklarda yerləşdirilən depozitlərin məbləği 16 mlrd. 687.2 mln. manat təşkil edib.
Hesabata görə, iyun ayında ölkədə fəaliyyət göstərən banklarda yerləşdirilən depozitlərin məbləği yüksəlib. May ayı ilə müqayisədə iyunda banklardakı depozitlərin məbləği 35.9 mln. manat və ya 0.22 faiz artıb.
May ayı ilə müqayisədə iyunda əhalinin banklardakı əmanətlərinin həcmi də çoxalıb. Artım 60.6 mln. manat və ya 0.89 faizdir. İyul ayının 1-nə olan məlumata görə, əhalinin banklardakı əmanətlərinin həcmi 6 mlrd. 880.7 mln. manat təşkil edir.
Ümumilikdə isə, bu ilin əvvəlindən əhalinin əmanətləri 551.4 mln. manat və ya 7.42 faiz azalıb.
BANKLARIN MƏNFƏƏTİ 50 FAİZDƏN ÇOX AZALIB
2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84.9 mln. manat olub.
«Bu ilin may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93.3 milyon manat və ya 52.45 faiz azalıb», - hesabatda qeyd edilir.
Sənədə görə, bu ilin ilk 6 ayı ərzində bankların faiz gəlirləri 1 milyard 7.3 milyon manat, xərcləri isə 482.7 milyon manat təşkil edib.
Azərbaycanda fəaliyyət göstərən 31 bankın bu ilin 6 aynın göstəricilərinə görə, aktivləri 30 mlrd. 36.9 mln. manat, öhdəlikləri 27 mlrd. 322.9 mln. manat təşkil edib.