Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi Avropa Məhkəməsində

Şahbaz Quliyev (sağda) və Dilqəm Əsgərovun (solda) Xankəndində «məhkəməsi»

2014-cü ildə Kəlbəcərdə Ermənistan hərbiçilərinin girov götürdüyü Dilqəm ƏsgərovŞahbaz Quliyevlə bağlı şikayətləri Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırır.

Bu haqda AİHM-nin saytı xəbər verir.

Məhkəmənin bilgilərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin adından onların həyat yoldaşları Firuzə ƏsgərovaAlbina Veselova şikayət ediblər.

AİHM-ə göndərilmiş şikayətlərdə mülki şəxslər olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcər rayonunda ata-baba yurdlarına baş çəkərkən girov götürülməsindən bəhs olunur. Şikayətdə onların başqa heç bir maraqlarının olmaması qeyd edilir.

F.Əsgərova və A.Veselova şikayətlərində bildiriblər ki, həyat yoldaşlarının saxlanması onların Avropa Konvensiyası ilə təminat altına alınan hüquqlarını pozub.

Ərizəçilərin iddiasına görə, D.Əsgərovla Ş.Quliyevə münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncələrin qadağan olunması), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13-cü (effektiv müdafiə vasitələrinə malik olma) maddələri pozulub.

Şikayətdə habelə, Konvensiyasının 14-cü (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) maddəsi və 4 saylı protokolunun 2-ci (tanınmamış sərhədi qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması) maddəsinin pozuntusuna yol verildiyi bildirilib.

AİHM Ermənistan hökumətinə iddia olunan konkret pozuntularla bağlı bir neçə sual göndərib. Məhkəmə həmçinin, Ermənistan hökumətindən Dağlıq Qarabağda həbsdə tutulan iki azərbaycanlının sağlıq durumu ilə bağlı sənədlərin təqdim olunmasını da tələb edib.

XATIRLATMA

2014-cü ildə Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevi Kəlbəcərdə Ermənistan əsgərləri girov götürüblər. Azərbaycan vətəndaşı Həsən Həsənov isə həmin vaxt güllələnərək öldürülüb.

D.Əsgərov və Ş.Quliyev əslən Kəlbəcər rayonundandırlar. H.Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində məhkəmə qurulub. Azərbaycan hökumətinin tanımadığı bu məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Kəlbəcərə ata-baba yurdlarına baş çəkməkdən ötrü gəldiklərini bildiriblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Həmin rayonlardan biri də 1993-cü il aprelin 2-də işğal edilən Kəlbəcərdir.