Yaxın günlərdə Amerikanın "John Deere" şirkətinin Avropa bölməsi Azərbaycana 140-a yaxın pambıqyığan kombayn tədarük edəcək.
"John Deere" şirkətinin regional nümayəndəsi Maximilian Pauge bu gün, iyulun 27-də kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşündə bu haqda məlumat verib.
Alınan texnikanın dəqiq sayı və müqavilənin qiyməti barədə məlumat verilmir.
Buna da bax: Ötənilkindən 70% çox – 38,8 min ton pambıq yığılıb
Nazir H.Əsədov görüşdə kombaynların pambıq yığımı mövsümünün başlanmasına qədər respublikaya gətirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətinə çatdırıb.
Bundan başqa, H.Əsədov deyib ki, servis xidmətinin yaradılmasını, kadr hazırlığı və kadrların şirkətdə təcrübə keçməsini məqsədəuyğun hesab edir.
Bu il Azərbaycanda 136 min ha sahədə pambıq əkilib. Bu ötən illə müqayisədə çoxdur. Azərbaycanda məhsul əsasən əllə yığılır. Ötən il bu prosesə müəllimlərin, həkimlərin və büdcə təşkilatlarında çalışan digər işçilərin cəlb edildiyi bildirilirdi.
Buna da bax: Ölkəyə yeni, ABŞ istehsallı pambıqyığan kombaynlar gətirilir
Müxalifət bu prosesi Azərbaycanın sovet dövrünə qayıdışı adlandırmışdı. Hakimiyyətin kursunu müdafiə edən bəzi şəxslər isə bunu insanların əlavə gəlir əldə etmək imkanı sayırdılar. Hüquqşünaslar isə bunun Azərbaycan qanunvericiliyinə zidd olduğunu bildirirdilər.