Dollar hərracda azca ucuzlaşdı

Dollar

İyulun 27-si Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

AMB-dən yayılan məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1.7009 səviyyəsində formalaşıb.

Bu gün, iyulun 27-si rəsmi məzənnəyə görə, 1 dollar 1.7010 manata bərabər olmuşdu.

XATIRLATMA

ABŞ Mərkəzi Bankı olan Federal Ehtiyatlar Sistemi (FED) iyulun 26-da növbəti iclasında uçot dərəcəsini olduğu kimi saxlamaq qərarını verib.

FED maliyyə bazarında mövcud durumu nəzərə alaraq, uçot dərəcəsini dəyişməyib və 1-1.25 faiz arasında saxlayıb.

FED sonuncu uçot dəyişikliyini iyunun 14-də etmişdi. O vaxt FED uçot dərəcəsini 0.75-1 faizdən 1-1.25 faizə qaldırmışdı.

Son 5 ayda Azərbaycanda keçirilən hərraclarda bəzi istisnalarla manat dollara nisbətən möhkəmlənməkdədir.

Bu müddət ərzində 1 dollar 1 manat 92 qəpikdən 1 manat 70 qəpiyə düşüb.

Bəzi iqtisadçılar isə düşünür ki, Azərbaycanda manatın möhkəmlənməsinin ciddi iqtisadi əsasları yoxdur. Sadəcə, məzənnə reallıqda inzibati qaydada müəyyən edilir.