Müsavatçıya cinayət işi açılıb

Vəkil Nemət Kərimli

Müsavat Partiyası Masallı rayon təşkilatının sədri Xasay Fərzullaya qarşı cinayət işi qaldırılıb. O, Cinayət Məcəlləsinin 263.1.1 maddəsi ilə (ehtiyatsızlıq üzündən ağır xəsarət yetirmək) ittiham olunur.

Bu barədə onun vəkili Nemət Kərimli xəbər verib.

Vəkilin bildirdiyinə görə, cinayət işinin qaldırılmasına səbəb avtomobil qəzasıdır.

Bu il aprelin 5-də Xasay Fərzulla öz maşını ilə Masallı rayonunun Bədəlan kənd ərazisində Rauf Tağıyevin qəfildən yola çıxması nəticəsində ona xəsarət yetirib.

Vəkil Xasay Fərzullanın Rauf Tağıyevi dərhal xəstəxanaya çatdırdığını, Bakıda müalicəsi üçün bütün xərclərini çəkdiyini deyir. Hazırda zərərçəkənin durumunun yaxşılaşdığı bildirilir.

X.Fərzulla özü isə qəza ilə bağlı aparılan istintaqın “siasiləşdirildiyini” söyləyir: “Boradigah kənd ərazi nümayəndəsi polisə mənimlə bağlı xasiyyətnamə verib. Orda mənim cəmiyyət həyatında müsbət rolumun olmamasını, Müsavat Pratiyasının Masallı təşkilatının sədri olmağımı xüsusi vurğulayıb. Bu işi hüquqi müstəvidən uzaqlaşdırır”.

Xasay Fərzulla şahid ifadələrində də uyğunsuzluğun olduğunu qeyd edib: “Ekspertiza hər şeyi izahatımda yazdığım kimi çıxarıb, amma sonda bir cümlə əlavə edib ki, hadisə zamanı avtomobili saxlamağa texniki imkanım olub”.

Masallı Rayon Məhkəməsindən deyiblər ki, X.Fərzullaya açılmış cinayət işinin istintaqı artıq başa çatıb. İşin materialları baxılmaq üçün məhkəməyə təqdim edilib.

İyulun 18-də cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Bundan öncə gənc fəal, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqubluya ölümlə nəticələnən avtomobil qəzasına görə, cinayət işi açılmışdı. Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Prezidentliyə keçmiş namizəd, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənliyə də avtomobil qəzasına görə, cinayət işi açılmışdı. Yasamal rayon Məhkəməsi onun barəsində 1 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılması ilə bağlı qərar vermişdi. Hər iki olayla bağlı məhkəmənin sifarişli olduğu, müxalifətçiləri cəzalandırmaq məqsədi daşıdığı bildirilirdi.Hakimiyyət rəsmiləri isə bu iddiaları rədd etmişdi, onlarla bağlı qanunun tələblərinə uyğun şəkildə hökm çıxarıldığını bəayn etmişdilər.