NYT: "Trump-ın oğluna deyilibmiş ki, Clinton-la bağlı informasiyanı Kreml verir"

Donald Trump və oğlu - kiçik Donald Trump

Kiçik Donald Trump-a deyiblərmiş ki, demokratların prezidentliyə keçmiş namizədi Hillary Clinton-a zərbə vuracaq informasiyanın mənbəyi Rusiya hökumətidir. “The New York Times” qəzeti iyulun 10-da yazıb ki, bunu oğul Trump rusiyalı vəkillə görüşdən qabaq bilibmiş.

Qəzet üç anonim mənbəyə istinadla yazıb ki, ötən ilin iyunundakı görüşü təşkil etmiş publisist Rob Goldstone indiki prezident Donald Trump-ın böyük oğluna elektron məktub yazıb, bildirib ki, potensial ziyan vuracaq informasiyanın mənbəyi Kremldir və “Rusiya hökumətinin onun atasının namizədliyinə yardımı çərçivəsində” verilir.

Məlumata görə, Goldstone yazıb ki, rusiyalı vəkil Natalia Veselnitskaya-da Demokratik Milli Komitəyə qanunsuz ianələrlə bağlı informasiya var və bu da kiçik Trump-ın işinə yaraya bilər.

Qəzetə daha öncə verdiyi müsahibədə Goldstone informasiyanın mənbəyi barədə nəsə bilmədiyini söyləyib. Yeni emaillə bağlı məlumatlara dair ondan açıqlama almaq mümkün olmayıb.