Qiyas İbrahimovun atası istintaqa çağırılıb

Qiyas İbrahimov məhkəməyə gətirilən zaman

Həbsdəki gənc fəal Qiyas İbrahimovun atası Həsən İbrahimovu iyulun 7-də Ədliyyə Nazirliyinin İstintaq idarəsinə çağırıblar.

Bu haqda Turan-a gənc fəalın anası Şura Əmiraslanova danışıb.

Onun sözlərinə görə, H.İbrahimova adıçəkilən idarədən çağırış vərəqi gəlib.

Buna da bax:​ Qiyas İbrahimov: 'Hamınız saxtakar, mantiya geyinmiş marionetlərsiz

“Çağırış vərəqəsində cinayət işinin nömrəsi bildirilir və həmin işlə bağlı çağırıldığı yazılır”, - deyən Ş.Əmiraslanova çağırışın dəqiq səbəbi ilə bağlı bilgisiz olduqlarını söyləyib.

“Sonuncu məhkəmədə hakim Qiyasın sözünü kəsəndə atası əsəbiləşdi. Hakimə etdiyinin doğru olmadığını, Qiyasın haqqını tapdaladığını söylədi. Bir də hakimə ''Ənvər Seyidovun başına gələn sizin də başınıza gəlsin'', demişdi. Hakim həmin vaxt onun ifadələrinin aktlaşdırılmasını istəmişdi. Çağırış bununla bağlı da ola bilər”.

XATIRLATMA

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla ötən il mayın 10-da saxlanmışdı.

Buna da bax:​ 'Qiyasın gözlərinin nurunu sönməyə qoymayın'

Daxili İşlər nazirliyinin yaydığı məlumata görə, Q.İbrahimovdan 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb.

Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə həbs olunduqlarını bəyan ediblər.

Q.İbrahimov və B.Məmmədov ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum ediliblər.