Atəşkəslə bağlı 28 iyun açıqlaması

Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 146 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə edildiyi vurğulanır.

Məlumatda bildirilir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, işğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Eyni zamanda Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqelərinin vurulduğu bildirilib.

Habelə, Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.