Azərbaycan Moldova ilə əməkdaşlıqda maraqlıdır

Igor Dodon

«Əminəm ki, bu səfər əməkdaşlığımızın möhkəmləndirilməsində çox mühüm addım olacaq, biz bunda maraqlıyıq».

İyunun 22-də A Moldova prezidenti Igor Dodon-u qəbul edən prezident İlham Əliyev belə deyib.

Prezident əməkdaşlığın möhkəmləndirilməsindən ötrü çox böyük potensialın olduğunu vurğulayıb:

«Bugünkü fikir mübadiləsi onu göstərir ki, baş verən hadisələrə bizim yanaşmalarımız və qiymətləndirmələrimiz arasında ümumi cəhətlər çoxdur. Biz münasibətlərimizin dinamik inkişafı üçün yaxşı təməl qoyuruq. Həm siyasi dialoq sahəsində, həm də ticari-iqtisadi sahədə bizim münasibətlərimizə dinamizm vermək lazımdır. Potensial var, hansı məsələlərə diqqət yetirməyin lazım olduğunu bilirik».

Ölkə başçısı vurğulayıb ki, səfərin yekunlarına əsasən müvafiq dövlət qurumlarına istiqamətlər üzrə təbirlər planı müəyyən edilməsi və reallaşdırılmasından ötrü bütün zəruri tapşırıqlar veriləcək.

Moldova prezidenti Igor Dodon isə öz çıxışında son 8-10 ildə iki ölkə başçısının görüşmədiyinə diqqəti çəkib.

«Buna görə, bu görüşümüzü çox vacib hesab edirəm. Bu gün biz ali siyasi səviyyədə ikitərəfli münasibətlərimizə yeni təkan verəcəyik. Hökumətlərarası komissiyanın işində də çox böyük fasilə olub. Mənim hökumətlərarası komissiyaya rəhbərlik etmək təcrübəm var. Mən bir neçə il ərzində Moldova-Azərbaycan Hökumətlərarası Komissiyasının bizim tərəfdən rəhbəri olmuşam», - prezident deyib.

O, da əməkdaşlıqdan ötrü çox böyük potensial olduğunu, ali səviyyədə görüşün hökumətlərarası komissiyanın işinə də yeni təkan verəcəyinə ümidvar olduğunu söyləyib.

Moldova prezidenti bildirib ki, daha fəal əməkdaşlıq etməkdən ötrü bilavasitə konkret layihələr nəzərdən keçiriləcək.

«Bizim ticarət sahəsində müsbət dinamika var. Keçən il bu sahədə artım 30 faizdən çox olub. Lakin ticarətin həcminin 5 milyon dollara yaxın olması çox kiçik göstəricidir», - prezident vurğulayıb.

Bu gün, iyunun 22-si Moldova dövlət başçısı Igor Dodon-un Azərbaycanda rəsmi görüşləri başlayıb. O, Azərbaycan prezidenti ilə təkbətək və geniş tərkibdə görüşüb.

Moldova prezidentinin bu səfər çərçivəsində baş nazir və digər rəsmilərlə də görüşü gözlənilir.