Cəbhəçi cərimələnib

Füzuli Hüseynov

Bu gün, iyunun 20-si Nəsimi rayon Məhkəməsi AXCP fəalı Füzuli Hüseynovu cərimələyib.

Bu haqda F.Hüseynovun vəkili Bəhruz Bayramlı bildirib.

Vəkilin deməsinə görə, iyunun 19-da saxlanan F.Hüseynovu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisə müqavimət) maddəsi ilə günahlandırıblar. O, 200 manat cərimə edilib.

Vəkil F.Hüseynovun polisə müqavimət göstərmədiyini, bunun qurama olduğunu, cəbhəçinin məhz siyasi fəallığı səbəbindən saxlandığını bildirib. O, qərarla razılaşmadıqlarından şikayət verəcəklərini söyləyib.

AXCP fəalı F.Hüseynov iyunun 19-u səhər saatlarında metronun «28 May» stansiyası yaxınlığında səssiz şəkildə əlində «Siyasi məhbuslara azadlıq!» şüarı tutub.

Şahidlərin bildirməsinə görə, bir neçə dəqiqə sonra polislər onu aparıblar.

Bundan bir ay əvvəl də F.Hüseynov yenə Bakıda təkbaşına belə etiraz üsuluna əl atmışdı. Onda da onu polislər saxlamışdı. Ancaq həmin vaxt F.Hüseynov şifahi şəkildə xəbərdarlıq edilərək buraxılmışdı.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda 160 civarında siyasi məhbus var. Onlardan 10-dan çoxu AXCP üzvüdür.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyirlər ki, həmin şəxslər konkret törətdikləri əmələ görə məsuliyyətə alınıblar.