Prezident Rusiya istintaqını əngəlləməyə çalışıbmı – araşdırılır

Robert Mueller

ABŞ-ın xüsusi müşaviri Robert Mueller prezident Donald Trump-ın Rusiyayla bağlı istintaqı əngəlləməyə çalışıb-çalışmamasını araşdırır.

Bu haqda iyunun 14-də «The Washington Post» qəzeti yazıb. Hazırda Federal Təhqiqatlar Bürosu (FTB) Rusiyanın ötənilki prezident seçkisinə mümkün müdaxiləsini araşdırır. Prezident Trump-ın prosesi əngəlləməyə çalışması iddiaları FTB rəhbəri James Comey-ni işdən çıxarmasından sonra ortaya çıxıb. Prezidentin belə bir hərəkəti ABŞ-da cinayət sayılır.

Qəzet anonim mənbələrə istinadla yazıb ki, belə bir araşdırmanın başladılması «Rusiya təhqiqatı»nda böyük dönüş nöqtəsi sayılır.

J.Comey ötən həftəki ifadəsində deyib ki, Trump-ın təhqiqatdan narazı qaldığı üçün onu işdən çıxardığına inanır. «Əminəm ki, Rusiya təhqiqatı üzündən işdən çıxarıldım», – Comey deyib.

Trump fevralda Comey-dən xahiş edibmiş ki, keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn-lə bağlı araşdırmanı dayandırsın. «The Washington Post» bu məsələnin də araşdırıldığını yazıb.