'Kanal 13'ün şikayəti təmin edilmədi

Sizin brauzer HTML5-i dəstəkləmir

Kanal 13-ün təsisçilərindən olan Əziz Orucovun evində də axtarış aparılıb

«Kanal 13» internet televiziyasının Bakıdakı ofisində axtarış və götürməyə dair Nərimanov rayon Məhkəməsinin qərarından verilmiş şikayət təmin edilməyib.

Bakı Apellyasiya Məhkəməsi iyunun 14-də şikayəti rədd edib.

Bu haqda «Kanal 13»ün vəkillərindən Cavad Cavadlı məlumat verib. Vəkil qərarın qanunsuz olduğunu ifadə edib.

Vəkil həmçinin, «Kanal 13»ün faktiki olaraq fəaliyyətinə son verdiyini bildirib.

«Məhkəmənin qərarı ilə aparılan istintaq hərəkəti nəticəsində faktiki televiziya kanalının fəaliyyəti dayanıb. Çünki televiziyanın bütün avadanlığı istintaq tərəfindən götürülüb», - vəkil qeyd edib.

«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucov mayın 2-də polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.

İyunun 2-də isə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi Ə.Orucova Cinayət Məcəlləsinin 192.2.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürüb. Nəsimi rayon Məhkəməsinin qərarına görə, Ə.Orucov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir və həbsinin «Kanal 13» internet televiziyasının fəaliyyəti ilə bağlı olduğunu bildirir.

«Kanal 13» 2008-ci il oktyabrın 10-dan yayımlanırdı.