Atəşkəslə bağlı 14 iyun açıqlaması

Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 132 dəfə pozublar.

Bu zaman iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (2 mərmi) istifadə edildiyi vurğulanır.

Nazirlik bildirir ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.