Həmməruzəçilər ədliyyə naziri ilə görüşüb

Həmməruzəçilər Florin Cezar Preda (solda) və Stefan Schennach

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach Cezar Florin Preda bu gün, iyunun 13-də ədliyyə naziri Fikrət Məmmədovla görüşüb.

Bu haqda Ədliyyə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərə görə, görüşdə ədliyyə sistemində aparılan islahatlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb.

Buna da bax:​ Prezident həmməruzəçiləri qəbul edib

Qonaqlara penitensiar sistemin durumu, məhkumların hüquqlarının qorunması, tibbi təminatının yaxşılaşdırılması barədə məlumat verilib. Prezident İlham Əliyevin fevralda imzaladığı penitensiar sistemin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncama toxunulub.

Görüş zamanı digər aidiyyəti məsələlərin də müzakirə olunduğu bildirilir.

Stefan Schennach və Cezar-Florin Preda iyunun 12-dən Bakıda görüşlərə başlayıblar. Onlar Azərbaycana burdakı demokratik təsisatların durumu ilə bağlı hesabat hazırlamaqdan ötrü səfər ediblər.

Buna da bax: Həmməruzəçilər müxalif liderlərlə görüşüb

Həmməruzəçilər səfər çərçivəsində prezident İlham Əliyevlə, digər rəsmilərlə, müxalif partiyalarının liderləri ilə və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşüblər.

Vətəndaş cəmiyyətinin təmsilçiləri, müxalifət partiyalarının liderləri ilə görüşdə insan haqları, ifadə azadlığı və siyasi məhbus məsələlərindən bəhs edildiyi bildirilir.

Səfər iyunun 14-də başa çatmalıdır.

Buna da bax:​ Fazil Mustafa: 'Gözləyək, görək nə qərar verəcəklər' [yenilənib]

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan üzərinə insan hüquqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və başqa məsələlərlə bağlı öhdəlik götürüb. Götürülən bu öhdəliklərlə bağlı monitorinqlər davam edir.