ABŞ prezidenti Donald Trump xüsusi müşaviri Robert Mueller-i işdən çıxarmağı nəzərdən keçirir. Mueller ötən ay Ədliyyə Departamenti tərəfindən Trump-ın seçki kampaniyasında Rusiya izlərini araşdırmağa təyin olunub. Məlumatı Trump-ın dostu, «Newsmax Media»nın direktoru Christopher Ruddy «PBS NewsHour»a açıqlamasında verib.
«Məncə, o, xüsusi müşavirini işdən çıxarmağı düşünür, bu variantı götür-qoy edir», – Ruddy söyləyib.
«Məncə, bu, ciddi səhv olardı», – deyən Ruddy FTB-nin keçmiş direktoru James Comey-nin ötən həftəki ifadəsinə də toxunub.
Onun fikrincə, Comey-nin dedikləri bir daha sübut elədi ki, Rusiya təhqiqatına heç bir əngəl törədilməyib.
Hazırda ABŞ-ın kəşfiyyat orqanları Rusiyanın ötən il Birləşmiş Ştatlarda prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.