“Müsəlman Birliyi” Hərəkatının həbsdəki sədri Taleh Bağırov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bakıya səfər edəcək həmməruzəçilərini 1 saylı Bakı İstintaq Təcridxanasına dəvət edib.
AŞ PA həmməruzəçiləri- Avstriyadan olan deputat Stefan Şennax və rumıniyalı Sezar Florin Preda ilə görüşmək istəyən ilahiyyatçı onlara Nardaran həqiqətləri haqda danışmaq istəyir.
Bu haqda Taleh Bağırov iyunun 9-da təcridxanada onunla görüşən vəkili Yalçın İmanov vasitəsilə məlumat yayıb.
Vəkilin deməsinə görə, Taleh Bağırov AŞ PA məruzəçilərinə bildirəcək ki, günahsız yerə tutulublar və amansız işgəncələrə məruz qalıblar. İlahiyyatçının sözlərinə görə, məqsədi eyni zamanda, ölkədəki bütün siyasi məhbus sayılan şəxslərinproblemləri haqda fikir mübadiləsi aparmaqdır.
AŞPA məruzəçiləri iyunun 12-dən 14-nə kimiAzərbaycanda səfərdə olacaqlar. Məruzəçilər prezident İlham Əliyevlə görüşəcək. Bundan başqa parlament spikeri, ədliyyə naziri, baş prokuror, Ali Məhkəmənin sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi və ombudsmanla görüş də səfər proqramına daxildir. Şennax və Predanın vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, bu yaxınlarda həbsdən azad edilmiş şəxslər, müxalifət təmsilçiləri və dustaqlarla görüşləri də nəzərdə tutulub.
Xatırlatma
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və həmin 6 nəfər də bu qarşıdurmada həyatlarını itiriblər. Rəsmi məlumatlara görə, Nardaranda və bundan bir qədər əvvəl Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən aksiyayada 70-dən çox adam saxlnaraq həbs olunub.Ancaq hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 90-a yaxın göstərilir. Onların bir qisminə silah saxlama və başqa ittihamlarla 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası kəsilib.
40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Tale Bağırov 20 il, Fuad Qəhrəmanlı 10 il, digərləri də 10 ildən 19 ilədək həbs cəzası alıb. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi isə davam edir. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.
Daxili İşlər Nazirliyi (DİN) isə onların dediklərini təkzib edib. Üstəlik, məhkəmədə ifadə verən DİN Baş MütəşəkkilCinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları dindarlara tutulanda və ondan sonra işgəncə verilməsi ilə bağlıdeyilənləri də yalanlayıblar.