Rusiya prezidenti Vladimir Putin deyir ki, onu daim tənqid etmiş ABŞ senatoru John McCain «köhnə dünya»da yaşayır, ancaq onun patriotizminə də heyrət edir. Bunu Putin iyunun 8-də yayılmış müsahibəsində söyləyir.
Respublikaçılardan prezidentliyə keçmiş namizəd, 80 yaşlı McCain ötən həftə Putin-i dünyaya «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasından da böyük təhlükə adlandırıb.
O xəbərdarlıq edib ki, Senat Rusiyanın ABŞ-da ötənilki prezident seçkisinə iddia olunan müdaxiləsinə görə Moskvaya daha sərt sanksiyaların qoyulmasına çalışacaq.
Putin bu tənqidi «köhnə dünya» adlandırıb:
«Senator McCain-i müəyyən həddədək xoşlayıram. Zarafat etmirəm. Onu vətənpərvərliyinə görə xoşlayıram», – deyən Putin McCain-i qədim Roma senatoru Böyük Mark Porsi Katon ilə müqayisə edib. O, nitqlərini həmişə belə bitirərdi: «Karfagen dağıdılmalıdır».
«Dediyiniz senator kimi belə inamla yaşayanlar hələ də köhnə dünyada qalıblar. Onlar gələcəyə baxmaq istəmirlər, onlar dünyanın necə sürətlə dəyişdiyini anlamağa həvəsli deyillər», – Putin söyləyib.