Atəşkəslə bağlı 8 iyun açıqlaması

Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi 110 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın Noyemberyan, İcevan rayonlarından Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Berd rayonundan da Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndləri atəşə tutulub.

Bundan başqa, Krasnoselsk rayonundan isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki mövqelərinin vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Sarıcalı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Habelə, Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.