‘PAŞA Bank’ın defolt reytinqi endirilib

"Paşa Bank"

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "PAŞA Bank" Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli defolt reytinqini "BB-“ səviyyəsindən "B+" səviyyəsinədək endirib.

Bu haqda agentliyin press-relizində bildirilir.

Defolt- borc öhdəlikləri üzrə ödənişlərin icra edilməsi mümkünsüzlüyü və yaxud bilərəkdən ödənişin dayandırılmasıdır. İlk dəfə “defolt” anlayışı İngiltərədə istifadə olunub və hərfi mənada “öhdəliklərin yerinə yetirilməməsi” mənasını ifadə edirdi.

Buna da bax:​ Qazaxıstan Azərbaycandakı pullarını almaq üçün xüsusi komisiya yaradıb

Agentlik reytinqin endirilməsini Azərbaycan Beynəlxalq Bankın xarici borclarının ödənilməsinin dayandırması ilə izah edir.

Agentlik bankın qısamüddətli defolt reytinqini isə "B" səviyyəsində təsdiqləyib. Bankın dayanıqlıq reytinqi "b+" səviyyəsindədir. Bununla yanaşı, banka verilən dəstək reytinqi "3"-dən "5"-ə endirilib.

"Fitch Ratings" "Pasha Bank"ı sistem əhəmiyyətli bank hesab etdiyini də qeyd edib.

Yerli və beynəlxalq KİV-lərdə dərc edilən araşdırma yazılarında bu banka prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevaların nəzarət etdiyi bildirilib. Belə məlumatlar, hələ ki, rəsmən təkzib edilməyib.

Buna da bax:​ 'Beynəlxalq Bank defolt elan edildi'

Bankın Gürcüstan və Türkiyədə iki törəmə şirkəti var («Pasha Bank Georgia» və «Paşa Yatırım Bankası»).

Hazırda Azərbaycanda 32 bank var. Onlardan Azərbaycan Beynəlxalq Bankı xarici öhdəliklərini icra edə bilmədiyini bəyan edib. Daha 5 problemli bankı Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarətə götürüb. Onların, hələlik, adları açıqlanmır.

Ötən il isə ölkədə 11 bank bağlanıb. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.