'Jurnalist deyir ki, iş quramadır'

Elçin İsmayıllı

Bu gün, mayın 30-u jurnalist Elçin İsmayıllının həbs müddətinin uzadılmasından apellyasiya şikayəti verilib.

Bunu jurnalistin vəkili Elçin Sadıqov deyib:

«Mayın 26-sı Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun həbs müddəti sentyabrın 12-nə kimi uzadılıb. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə öz şikayətimizi təqdim etdik».

E.Sadıqov hesab edir ki, jurnalistin həbsdə tutulması düzgün deyil. O, həmçinin əlavə edib ki, həbsdə olduğu müddətdə E.İsmayıllı ilə bağlı ciddi istintaq hərəkəti aparılmayıb.

İsmayıllıda yaşayan E.İsmayıllı fevralın 17-də saxlanıb. Nəsimi rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs-qətimkan tədbiri seçmişdi. Sonradan bu həbs müddəti artırılmışdı.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Vəkilinin bildirdiyinə görə, istintaq materiallarında E.İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin bir əməkdaşını hədələyərək, pul tələb etməkdə günahlandırılır. Həmin şəxs rəsmi qaydada Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib və E.İsmayıllı pul alacağı əsası ilə həbs olunub. Vəkilin sözlərinə görə, E.İsmayıllı həbsinin qurama, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirib:

«Elçin İsmayıllı deyir ki, bu iş quramadır. Həmin adamı 2003-cü ildən tanıyır, yaxşı münasibətləri var. Bir ay öncə ondan 1000 manat borc pul istəyib. İki gün əvvəl Elçinə zəng edib ki, pul hazırdır. Görüşüblər, pulu alanda Elçin İsmayıllını həbs ediblər».