5 bank nəzarətə götürülüb

Rüfət Aslanlı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kapitallaşma problemi ilə üzləşən 5 bankı nəzarətə götürüb.

APA-nın xəbərinə görə, bunu MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 30-u Bakıda «İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr» mövzusunda keçirilən konfransda bildirib.

«Son illər ərzində 11 bank sistemdən kənarlaşdırılıb. Təxminən 26 bankdan 12-də əhəmiyyətli kapitallaşma aparılıb. Bu gün 5 bank «watch list»ə daxil edilib və onlar nəzarət altındadır. Bu bankların kapitallaşma proqramı ilin ortalarınadək icra edilməlidir. Bu proseslər bank sektorunda müəyyən stabilləşmənin yaranmasına səbəb olub. Biz ötən ildən etibarən bankların qeyri-işlək portfelinin stabilləşməsini müşahidə edirik. Artıq problemli kreditlər yaranmır, mövcud portfel qocalır», - deyə o vurğulayıb.

Yerli və beynəlxalq ekspertlər bu il Azərbaycanda daha bir neçə bankın bağlanacağını istisna etmirlər. Ötən il ölkədə 11 bank bağlanıb. Bu onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Rəsmi məlumatlara görə, kredit portfelinin 10 faizdən çoxu, yəni 1.6 milyard manat dəyərində problemli kreditlər var. Ekspertlər reallıqda bu rəqəmin daha yüksək olduğunu düşünürlər.