“Silkway”ın helikopteri Xəzərdə məcburi eniş edib

Foto arxiv

Mayın 27-də “Silkway Helicopters Services” aviaşirkətinə məxsus "Мi-8" helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub. Uğurlu eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Hava gəmisinə ziyan dəyməyib.

"Neft Daşları " yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin işləməməsi olub.

"Sərnişinlər təyinat məntəqəsinə başqa helikopterlə çatdırılacaq", - məlumatda qeyd olunur.

Hadisənin araşdırılması ilə məşğul olacaq xüsusi komissiyanın yaradıldığı bildirilir.