Beynəlxalq Bank ətrafında növbəti pozuntu

Azərbaycan Beynəlxalq Bankı

Beynəlxalq Bank ətrafında növbəti pozuntu hallarından bəhs edilir.

Bu barədə «2016-cı il dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinə və dövlət büdcəsinin icrasına aid illik hesabata Hesablama Palatasının rəyində bildirilir.

Hesabatda vurğulanır ki, 2015 və 2016-cı illərdə Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli kreditlərinin bağlanması məqsədilə «Aqrarkredit»in emissiya etdiyi dövlət zəmanətli istiqrazların 10 mlrd. manatı qeydiyyatdan keçib. Onların satışından 10 mlrd. manat vəsait əldə edilib. Bundan başqa, 2016-cı ildə ərzində dövlət zəmanəti ilə Azərbaycan Mərkəzi Bankından (AMB) Əmanətlərin Sığortası Fonduna 460 mln. manat kredit ayrılıb. Ancaq daxili dövlət borcunun uçotunda həmin məbləğlərin bir hissəsi əksini tapmayıb. Bir hissəsinin isə şərti öhdəlik kimi nəzərə alınması müşahidə olunub.

XATIRLATMA

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 mlrd. dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülüb. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, bankın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

Elə bu gün, mayın 23-də Londonda Azərbaycan hökumətinin təmsilçiləri ilə bu bankın xarici kreditorları arasında son vəziyyətlə bağlı görüş keçirildiyi bildirilir.